Toxunmaq nə üçün önəmlidir?
0
900

Dünyanın hər yerində insanlar minilliklər əvvəl formalaşmış bioloji-sosial xüsusiyyətlərini tərgidib bir-birilərinə toxunmamağa çalışırlar.

Pandemiyadan sonra çətinlik çəkəcəyimiz məsələlərdən biri də əl verib salamlaşmaq məsələsində olacaq. Ancaq bunun da alternativlərini yaratmaq olar.

Əl sıxmaq kimi adi bir jest üzünü bir daha görməyəcəyimiz yad biriylə sağollaşmaqdan tutmuş milyardlarla dollarlıq iş müqaviləsinə təminat verməyin simvolu olmağa qədər çoxsaylı mənalar daşıya bilir.

Əl verib görüşməyin tarixiylə bağlı müxtəlif fikirlər var. Onlardan biri qədim Yunanıstanda iki şəxs arasında barışın, onların silahsız olmalarının simvolu hesab edilməsiylə bağlıdır. Digəri isə bunun tam əksidir – orta əsrlər Avropasında cəngavərlər görüşəndə əl verib qollarını silkələməklə gizli silahlarını aşkara çıxarmağa cəhd ediblər.

Başqa bir versiyaya görə, xristianlıqdakı protestant təriqətlərindən biri olan Qvakerlər əl verib görüşməyi əyilərək salamlaşmaqdan daha bərabərhüquqlu hesab etdikləri üçün əllə görüşməyə başlayıblar.

Texas Universitetinin psixologiya professoru Cristine Legare əl verməyin “insanlar arasında əlaqəni göstərən bir jest olduğunu” və insanların toxunmağa önəm verən sosial heyvanlar kimi təkamülünün simvolu halına gəldiyini deyir.

Minilllik tarixə malik bu jestdən imtina etmək o qədər də asan görünmür.

Professor Legare-nin sözlərinə görə, “Dirsək toxundurmanın bir alternativ olaraq seçilməsi təmasın bizim üçün nə qədər vacib olduğunu, fiziki əlaqədən imtina etmək istəmədiyimizi göstərir”.

Toxunma və toxunulma instinkti digər heyvanlarda da var. Amerikalı psixoloq Harry Harlow 1960-cı illərdə apardığı araşdırma zamanı aşkar etmişdi ki, toxunmaq və mehribanlıq yeni doğulmuş makaka meymunlarının inkişafında böyük rol oynayır.

İnsana ən yaxın qohum sayılan şimpazenlərdə də ovcun içiylə toxunmaq, sarılmaq və öpüşmək vərdişlərinə rast gəlinir.

Ancaq insanlar arasında başqa salamlaşma növləri də var və onlar gigiyenik baxımdan daha təhlükəsizdir.

Məsələn, hindularda ovuclarını sinələrində birləşdirmək – “namaste” salamı, Samoada isə “gülümsəyərək qaş qaldırmaq” salamı var.

Müsəlman ölkələrində sayğı əlaməti olaraq əli sinəyə qoymaqla salamlaşma üsulu mövcuddur.

Havay adalarında və amerikalı sörfçülər arasında populyar olan salamlaşma isə baş barmaqla çeçələ barmaqların açıq, digər üç barmağın yumulu olduğu variantdır.

Fiziki təmasın hər zaman təhlükəli hesab olunmadığı 20-ci əsrin birinci yarısında bəzi psixoloqlar uşaqlara şəfqət göstərməyin heç bir məqsədə xidmət etməyən emosionallıq nümayişi olduğunu bildiriblər və üstəlik, onu da qeyd ediblər ki, bu, xəstəliklərin yayılmasına və yetkinlik yaşlarında psixoloji problemlərin yaranmasına gətirib çıxara bilər.

London Gigiyenik və Tropik Xəstəliklər Fakültəsinin davranış elmi üzrə mütəxəssisi Val Cutris özünün “Don’t Look, Don’t Touch” (“Baxma, toxunma”) kitabında yazır ki, əl vermək və yanaqdan öpmək ənənəsinin bu qədər uzun müddət davam etməsi görüşdüyümüz insanın mikroba yoluxmaq riskini gözə alacaq qədər etibarlı saymağımız anlamına gəlir və bu yanaşma ictimai sağlamlıqdakı problemlərə uyğun olaraq dəyişir.

1920-ci illərdə “American Journal of Nursing” (“Amerikanın tibb bacıları jurnalı”) nəşrində əllər vasitəsilə yoluxma hallarına diqqət çəkən və o dövrdə çinlilər arasında populyar olmuş “öz əlini sıxmaq” ənənəsini məsləhət görən məqalələr dərc edilmişdi.

Koronavirus pandemiyasından əvvəl də əllə görüşməyə etiraz edənlər olmuşdu. 2015-ci ildə ABŞ-ın UCLA xəstəxanasının reanimasiya şöbəsində altı ay boyu əl sıxmadan salamlaşma təcrübəsi tətbiq edilmişdi.

Dini ənənələrə görə kişilərə əl verməkdən imtina edən müsəlman qadınlar da var.

Bütün bunlara rəğmən 20-ci əsrdə əl sıxmaq universal salamlaşma formasına çevrilib.

Bəzi elmi araşdırmalar güclü bir əl sıxmayla beyində yemək, içmək və hətta seks kimi digər mükafatlandırıcı mərkəzlərin aktiv hala gəldiyini aşkara çıxarıb.

Əllə görüşməyin olmayacağı gələcək

 


Bəzi ölkələr pandemiyaya görə tətbiq edilmiş məhdudlaşdırma tədbirlərini yumşaltmağa başlayıb. Bəs, əllə görüşmək ənənəsi necə, bərpa olunacaqmı? Ağ Evin koronavirusla bağlı məsləhətçisi doktor Anthony Fauci aprel ayında verdiyi bir açıqlamada “Doğrusu, hesab edirəm ki, bundan sonra qətiyyən əllə görüşməməliyik. Bu, təkcə koronavirusa yox, qripə yoluxmaların da sayını ciddi şəkildə azaldar” demişdi.

Belə görünür ki, sosial məsafə qaydası hələ uzun müddət davam edəcək. Risk qrupunda olan yaşlılar və digər xəstəlikləri olan şəxslər üçün bu, xüsusilə vacibdir.

Dell Tibb Mərkəzinin əməkdaşı Stuart Wolf cəmiyyətləri iki hissəyə – toxuna bilənlər və izolyasiyada qalmalı olanlara bölməyin elmi fantastik distopiya olduğunu, bunun psixoloji problemlər yaradacağını deyir:

“Cəmiyyət gəncliyə və sağlamlığa onsuz da böyük önəm verir. Yaşlıları və xəstələri gənclərdən və sağlam olanlardan süni şəkildə ayıran bu vəziyyət bəzi insanlara çox pis təsir edəcək”.

Fiziki olaraq toxunma (və toxunulma) ehtiyacı insan təbiətinin önəmli xüsusiyyətlərindən biridir. Bəzi hesablamalara görə, ABŞ prezidentləri ildə 65 min insanla əl verib görüşürlər.

Princeton Universitetinin psixologiya professoru və ictimai sağlamlıq üzrə mütəxəssisi Elke Weber deyir ki, “Vərdişlərdən vaz keçmək çətindir. Ancaq həm iqtisadi, həm də indiki kimi sağlamlıq məsələləri vərdişləri və ənənələri dəyişir”.

Toxunmadan salamlaşmaq
Toxunmadan görüşmək üsulları çoxdur. Əyilməklə salamlaşmaq dünyanın bir çox yerində populyardır və bu qaydanın daha geniş yayıldığı Tailandda koronavirsdan ölənlərin sayı daha az oldu.

Bundan başqa, əl yelləmək, baş tərpətmək, gülümsəmək kimi bir çox başqa varintlar da mövcuddur.

Ancaq professor Legare “Covid-19” xəstəliyi kimi sters yaradan dövrlərdə insanların təmasa daha çox ehtiyac duyduğunu deyir və qeyd edir ki, pis hadisələrdə və yaslarda insanlar qucaqlaşır və ya bir-birilərinin çiyinlərinə toxunurlar.

Ancaq yumruq və ya dirsək toxundurmaq kimi jestlər insanlarda eyni hissi yartamır.

Harvard Universitetinin psixologiya professoru Steven Pinker deyir ki, insanlar bu üsulların dostluq duyğularını ifadə etməməsindən narahat olduqlarını bildirirlər: “Düşünürəm ki, məhz buna görə insanlar həmin hərəkətləri edəndə gülmək məcburiyyətində qalırlar. Sanki görüşdükləri şəxsə bunu məcburi şərtlərə görə etdiklərini və niyyətlərinin əslində xoş olduğunu bildirmək istəyirlər”.

Professor Weber qeyd edir ki, əllə görüşmənin olmadığı gələcəyi təsəvvür etmək çətin olsa da, bu, xəstələnməkdən və risk qrupundakı şəxslərin həyatına bais olmaqdan daha yaxşı seçimdir. O, insanın sağ qalmaq instinktinin əsas instinktlərdən biri olduğunu xatırladır.

Texas Universitetinin psixologiya professoru Arthur Markmansa insanın yaxşı və mürəkkəb sosial həyat yaşamasının xəstəliklərdən yayınmaq qədər vacib olduğunu bildirir:

“Bəlkə də toxunmaqdan tamamən imtina etmək əvəzinə əlləri tez-tez yumaq və üzə toxunmamaq strategiyalarını inkişaf etdirəcəyik. Əsas problem təmasdan yayınmağın normal sayılması olar – belə vəziyyətdə biz sosial əlaqələrimiz olan insanlarla yaxın təmasa girməmək ucbatından nələr itirdiyimizin heç fərqində olmaya bilərik”./BBC/

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*